Tarixi yaradanlara və yaşadanlara alqış !
       Mübariz Xəlilovun Hacıqabul rayonu abidələri tarixinin xülasəsi kimi qələmə aldığı yazıya qüvvət kimi bu diyarın ümumi tarixinə,ötəri də olsa,baxışla ərazinin keçmişi barədə bütöv təsəvvür yaratmağa ehtiyac görürük.
       Son dərəcə əlverişli strateji-coğrafi mövqeyinə görə,eləcə də əhəmiyyətli şirin su mənbələri və münbit torpaqları səbəbindən Hacıqabul yaşayış məntəqəsi və dayanacaq yeri olaraq ən qədim zamanlardan günümüzə qədər böyük dəyər daşıyıb.
       Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında yerləşməsi ilə əlaqədar ölkənin əsas karvan yolları,eləcə də Böyük İpək Yolu bu torpaqdan keçmiş,həmin səbəbdən də Hacıqabul ta qədimdən yollar,rabitə qovşağı olaraq,həm də ticarət, sənətkarlıq mərkəzi vəzifəsini yerinə yetirmişdir.
       XI əsrdə böyük alim- filosof Pir Hüseyn Şirvaninin öz xanəgahını burada qurması təsadüfi olmadığı kimi,Hacıqabul gölü sahilindəki XV əsrə aid karvansaranın məhz bu yerdə inşa edilməsi də tamamilə qanunauyğun hadisə hesab olunmalıdır.Rayon ərazisindəki çox saylı pirlər və digər abidələr isə bu ərazidə təşəkkül tapmış islamaqədərki   və islami inam və etiqaddan xəbər verir.
       Qafqazın ən böyük çayı olan Kürün bu ərazidən keçməsi,Azərbaycanın ən uzun çayının-Pirsaatın bu torpaqdan adlaması,eləcə də ölkənin ən böyük gölünün-Hacıqabulun burda yerləşməsi yerli sakinlərin və müsafirlərin həyat mənbəyi-şirin su ilə təmin edilməsinə şərait yaratmış,digər tərəfdən də həmin su mənbələrinin yaxınlığındakı torpaqların əkin-biçin və otlaq üçün son dərəcə əlverişliliyi burada həm əkinçiliyin,həm maldarlığın,həm də dolayısıyla sənətkarlığın inkişafına təkan vermişdir.Yuxarıdakı səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər,burdan əsasən qışlaq kimi istifadə etmiş Xilə,Kolanı,Cəyirli,Padar kimi yarımköçəri maldar tayfalar da ərazidə məskən salmışlar.
       Minillər boyu əsl şərq yaşayış məntəqəsi olmuş Hacıqabul,XIX əsrin son rübündə dəmir yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş qərbə xas cizgilər alsa da,yollar qovuşuğundakı məntəqə kimi öz əhəmiyyətini nəinki itirməmiş,əksinə, əvvəlcə dəmiryol, ardınca avtomobil,hətta hava yolları kəsişməsində yerləşməsi səbəbilə daha da qiymətli mövqe qazanmışdır ki,bu mövqe günümüzə qədər öz qüvvəsində qalmaqdadır.
       Hacıqabulun tarixindən söz açıb,bu tarixi yaşadanlardan bəhs etməmək yazımıza yarımçıqlıq gətirərdi.Həmin tarixi yaratmaqla bərabər yaşadanlardan biri də elə yuxarıda adını çəkdiyimiz Mübariz müəllimin özüdür.Kiçik vətənimiz olan Hacıqabulun tarixi keçmişinə səthi nəzər salan bu yazını da qədirbilən hacıqabulluların Mübariz müəllim kimi vətənpərvər ziyalılara minnətdarlıq hissilə bitirmək istərdik.                                 
      Məhəmməd Hüseynoğlu (İsayev)
      Hacıqabul rayon Tarix-Diyarşünaslıq
      Muzeyinin baş fond mühafizəçisi.
 
Böyük İpək Yolu üzərində yerləşən Hacıqabul zəngin tarixi keçmişə malikdir.
       Sahəsi 1641 km2 olan Hacıqabul rayonu ərazisinə görə Kürdəmir,Sabirabad,Salyan,Ağsu,Şamaxı,Qobustan,Abşeron,Qaradağ rayonları və Şirvan (Əli-Bayramlı) şəhəri ilə həmsərhəddir. Bakı -Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Ərzurum qaz xətti,Bakı-Tbilisi-Qars dəmir yolu və tarixi Böyük İpək Yolu rayon ərazisindən keçir.Rayonda 1 şəhər,1 şəhər tipli qəsəbə,27 kənd yaşayış məntəqəsi vardır.
       Rayon ərazisinin böyük bir hissəsi dəniz səviyyəsindən aşağıdır.Dağlıq ərazidə palçıq vulkanları yerləşir.Burada quru,isti yarımsəhra və quru çöl subtropik iqlimi hökm sürür.Qara yelin əsdiyi günlərin sayı 70-ə çatır.
       Ərazidə orta illik temperatur 14-150 S olur.Atmosfer yağıntıları əsasən yağış formasında düşür və miqdarı ildə 200mm dən çox olmur.
       İlin ən isti ayları iyul və avqust sayılır ki,bu ayların orta temperaturu 27 dərəcədir.Yanvarda havanın orta temperaturu mənfi 2 dərəcə olur.
       Kür və Pirsaat çayları rayon ərazisindən keçir.Hacıqabul gölünün böyük bir hissəsi rayon ərazisindədir.Hacıqabul rayonu Kür-Araz ovalığının Cənub-Şərqində,Şirvan ovalığı kimi tanınmış ərazidə yerləşir.Bu ovalıq boyunca çox da hündür olmayan Qalaməddin və kiçik Harami dağ sıraları ucalır.
Kiçik Harami silsiləsinin quruluşunda Abşeron çöküntülərindən başqa,xüsusilə də Hacıqabul dəmir yol qovşağından şimalda,Kompressor stansiyası rayonunda ,plays tosen dəniz çöküntüləri də vardır.
Ovalığın torpaq qatının formalaşması əsasən relyefin mezo və mikroformasından, eləcə də yeraltı suların xarakterindən asılıdır.Şirvan düzənliyinin  məhsuldar olmayan torpaqları şoranlıqlar sayılır ki,bunlardan da qış otlaqları  kimi geniş istifadə olunur.
Kür çayının vadisi boyu daha nəmişlik yerlər qarışıq ağac növləri   (ağcaqovaq, söyüd,tozağacı) bitən tuğay meşələrilə, yulğun, tut və böyürtkən kolluqları ilə örtülmüşdür.
       Bəzi mənbələrdə Azərbaycanın tarixi coğrafiyasında Quştəsfi kimi tanınan vilayət Kür çayının sol sahilində yerləşirdi.
       Qafqaz Albaniyasında yerləşən bu vilayət ərəb xilafətinin süqutundan sonra IX əsrin II yarısı -X əsrin əvvəllərində Sacilər dövlətinin,ondan sonra isə X əsrin ortalarından axırına kimi Salarilər dövlətinin,XI əsrdən XVI əsrin ortalarına kimi isə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur.
       XIV əsrin II yarısı – XV əsrin əvvəllərində Azərbaycanın tarixi coğrafiyasının inzibati xəritələrində Hacıqabul zonasında ilk dəfə Şirvanşahlar dövlətinin tərkibinə daxil olan Mahmudabad şəhəri meydana gəlir.
       Şirvanşahlar dövləti   Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şirvan bəylərbəyliyi inzibati ərazi vahidliyi yaranır.
       XVII əsrdə  Mahmudabad şəhəri Şirvan bəylərbəyinin tabeliyinə keçir.
       Şah Abbas dövründə Hacıqabul gölünün Şərq sahilində Həcc ziyarətinə gedənlər üçün ayrıca bir karvansaray inşa edilir.
       Zəvvarlar həccdən gələrkən bu karvansarayda qarşılanır və “həccin qəbul” deyilirdi.Sonraki dövrlərdə ərazi Həccin qəbul,Hacıqabul formasında adlanmağa başlanmışdır.
       Sovet dövründə, 1939-cu ildən rayon inqilabçı Qazı-Məmməd Ağasiyevin adı ilə adlanmağa başlanmışdır.
       Qazı-Məmməd rayonu 1961-ci ildə ləğv edilərək Əli-Bayramlı şəhəri tabeliyində şəhər olmuşdur.
       1991-ci ildə yenidən Əli-Bayramlı şəhərindən ayrılaraq öz köhnə-müqədəs adıyla- Hacıqabul rayonu kİmi fəaliyyətə başlamışdır.
II. Qədim yaşayış yerləri.
       Böyük İpək Yolu üzərində yerləşən ulu Hacıqabul qədim yaşayış yerləri ilə zəngindir.Bunlardan aşağıdakıları qeyd eləmək daha vacibdir.
I.   Hacıqabul  (Qazı-Məmməd) yaşayış yeri
II.  Hacıqabul (Qazı-Məmməd)  yaşayış yeri
III.  Hacıqabul yaşayış yeri
IV.  Padar yaşayış yeri.
V.   Qarasu qışlaq  yeri.
VI.   “Mişovdağ” və “Qalaməddin” neft yataqları ərazisində
        yaşayış yerləri .
VII.   Pir Hüseyn Xanəgahı ərazisində yaşayış yeri.
VIII.  ”Güngörməz” qalası ətrafı yaşayış yeri.
IX.   Tava yaşayış yeri.
X.   Qızılburun yaşayış yeri.
XI.   Nəvahi yaşayış yeri.
XII.   Atbulaq yaşayış yeri.
XIII.  Qubalı-Baloğlan yaşayış yeri.
XIV.  Rəncbər yaşayış yeri.
XV.   Muğan yaşayış yeri.
I. Hacıqabul (Qazı-Məmməd) yaşayış yeri .Yerüstü əlamətləri izlənilir.Orta əsrlərə aiddir.Şirsiz qab sınıqları ətrafa səpələnmişdir.Səhəng,küpə,qazan, küpə tipli qabların oturacaq və gövdə hissələrinə tez-tez təsadüf edilir.
II. Hacıqabul (Qazı-Məmməd) yaşayış yeri.Yerüstü əlamətləri yaxşı izlənilir. Bəzi sahələrdə tikinti qalıqları ərtafa səpələnmişdir.Su çalaları da yaxşı saxlanılmışdır.Antik və ilk orta əsrlərə aiddir.Arxeoloji tapıntıları şirsiz saxsı məmulatları ilə məhdudlaşır.
III. Hacıqabul (Qazı-Məmməd) yaşayış yeri. Şəhərin yaxınlığında yerləşir.Yaşayış yerinin qalıqları izlənilir.Tikinti materialları ətrafa səpələnmişdir.Orta əsrlərə aiddir.Saxsı nümunələri şirsiz və şirli qab sınıqlarından ibarətdir.
IV. Padar yaşayış yeri qışlaq tiplidir.Tikinti qalıqları bəzi yerlərdə adi gözlə görünür. Yer səthində müxtəlif saxsı qab sınıqları kütləvi şəkildə səpələnmişdir.Orta əsrlərə aiddir.
V. Qarasu qışlaq yeri ~ 1-15 ha  sahəni  əhatə  edir.Bu ərazidən orta əsrlərdə maldar tayfalar tərəfindən qışlaq kimi istifadə edilmişdir.Qarasu qışlağında müxtəlif saxsı qab sınıqlarına təsadüf edilir.Saxsı qablar orta əsrlər üçün səciyyəvidir.Qışlağın ərazisində bir neçə süni su çalası qazılmışdır.Yaşayış yerində saxsı qab sınıqları hər tərəfə səpələnmişdir.Orta əsrlərə aiddir.
VI.   Qalaməddin yaşayış yeri 4 hissədən ibarətdir.
 I. yaşayış yeri neft yataqlarına çıxan torpaq yolun sağ tərəfində yerləşir.Ev uçquntuları əsasında belə mülahizə irəli sürmək olar ki,evlər gil və daşdan ibarətdir.Möhrə evlər çoxluq təşkil edir.Təxminən 2 ha sahəni əhatə edir.Yaşayış yerindən saxsı qab sınıqları aşkar edilmişdir.Yaşayış yeri XII-XVII əsrlərə aiddir.Arxeoloji tapıntıları əsasən şirsiz qablar təşkil edir.
II. Qalaməddin yaşayış yeri I –cidən ~ 2 km şimalda yerləşir.Tikinti qalıqları nəzərə çarpmır.Evlər gil möhrədən inşa edilmişdir.
Yaşayış yerindən XIV-XVI əsrlər üçün səciyyəvi olan saxsı qab sınıqları tapılmışdır.
III.  Qalaməddin yaşayış yeri 3-4 ha sahəni əhatə edir.
Ev qalıqları itsə də, gil möhrə xüsusi talalar (ağımtıl boz rəngli) əmələ gətirmişdir.Yaşayış yerindən bir neçə saxsı qab sınıqları tapılmışdır.Yaşayış yeri X-XII əsrlərə aiddir.
IV. Qalaməddin yaşayış yeri neft yataqlarının  yaxınlığında yerləşir.Yaşayış yerini XIV-XVII  əsrlərə aid etmək olar.
V. Orta əsrlərin möhtəşəm sənət əsəri olan Pir Hüseyn Xanəgahı,həm də müqəddəs ziyarətgah olmuşdur.Xanəgah ərazisi başdan-başa antik dövrdən başlayaraq müasir dövrlərə qədər yaşayış yeri olmuşdur.
Ərazidən müxtəlif dulusçuluq və keramika məmulatları, daş alətlər (dən döyən) tapılmışdır.Həmin əşyalar Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun fondunda, Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda  mühafizə edilib saxlanılır.
VI. “Güngörməz” yaşayış yeri antik dövrdən XVII əsrə  qədər böyük bir dövrü əhatə edir.Burada daş dövrünün,tunc dövrünün əşyaları tapılmışdır.Müxtəlif saxsı qablar,daş əşyalar və keramika məhsulları qoruğun fondunda saxlanılır.
VII. Tava kəndi ərazisindəki yaşayış yeri ilkin orta əsrlərdən XVII-XVIII əsrlərə kimi davam edir.3-4 ha sahəni əhatə edir.Arxeoloji baxımdan keramika və dulusçuluq materialları ilə zəngindir.
VIII. Qızılburun yaşayış yeri bir tərəfdən Ləngəbiz dağları ilə əhatə edilib.4-5 ha sahəni əhatə edir.Yaşayış yeri saxsı qırıqları,müxtəlif qab sınıqları ilə zəngindir.IX-XVI əsrləri əhatə edir.
IX. Atbulaq yaşayış yeri Pirsaat çayı boyunca daha böyük sahəni 7-8 ha əhatə edir.Dulusçuluq və keramika məhsullarının qalıqları ilə çox zəngindir.Görünür bura həm də karvan yolunun üstü  olduğu üçün həyat gur olub.
 X. Qubalı-Baloğlan yaşayış yeri el arasında kənd yeri deyilən ərazidə  yerləşir. Böyük sahəni əhatə edir.Təəssüf ki,əhali tərəfindən şumlanaraq dağıdılıb.Dulusçuluq materialları ilə zəngindir.XII-XVII əsrləri  əhatə edir.
XI.   Navahi yaşayış yeri IX-XII əsrləri əhatə edir.3-4 ha yerdir.Dulusçuluq materialları ilə zəngindir.Monqol hücumundan sonra əhali indiki əraziyə köç etmişdir.
XII.  Rəncbər yaşayış yeri çox əzəmətli görkəmi olan yerdir.İlkin araşdırmalarda  yaşayış binalarının qalıqları,sədlər,təndir yeri və çox sayda dulusçuluq materialları aşkar edilib. X-XVI əsrlərə aid edilir.
XIII.  Abdulyan və Kolanı yaşayış yerləri də orta əsrlərə aiddir.Dulusçuluq materiallarına təsadüf edilir,yaxşı öyrənilməyib.
XIV. Muğan yaşayış yeri 3 ha-lıq  bir təpəni əhatə edir.Yaxınlığında qəbristanlıq və ovdan yerləşir.Orta əsrlərə aiddir.Dulusçuluq materiallarına təsadüf edilir.Ümumiyyətlə bütün yaşayış yerlərinin  arxeoloji qazıntılara böyük  ehtiyacı vardır.
III. Karvansaraylar.Böyük İpək Yolunda mühüm əhəmiyyət kəsb edən dayanacaqlar , məntəqələrdir.Karvansaraylar adətən karvansaladar tərəfindən idarə olunurdu.Burada pul dəyişilir,atlara yem verilir,bəzən yeni at əldə edilir,tacirlər və digərləri üçün gecələməyə müvəqqəti yer verilirdi. Karvansaraylar bir  at mənzilində inşa edilirdi.
       Orta əsrlərdə sufi dərvişlərinin əsas məskənlərindən biri də karvansaraylar olub.
       Hacıqabul rayonu ərazisində bizə məlum olan əsas karvansaray orta əsrlərdə Şah Abbasın canişini tərəfindən Hacıqabul gölünün şərq sahilində Həcc ziyarətinə gedən zəvvarlar üçün inşa edilmişdir.Burada digər karvansaray isə Fars körfəzi əraziləri və başqa yerlərlə alver edən tacirlər üçün tikilmişdir.
       Hacıqabul 4 yol ayrıcında olduğu üçün Azərbaycanın hər yerindən zəvvarlar bu karvansaraya yığılar,həcc ziyarətinə yola düşərdilər.Həcc ziyarətindən sonra mübarəkdarlıqla qarşılanar və “Həccin qəbul” deyərlərmiş.Elə rayonun adı da bu sözlərdən formalaşıb Hacıqabul şəklinə düşmüşdür.
       1938-ci ildə rus rəssamı Seblıgin tərəfindən akvareldə çəkilən karvansarayın şəkli Azərbaycan Tarixi muzeyində saxlanılır.O, zaman çox hissəsi salamat olan karvansaray sonralar əhali tərəfindən baxımsızlıq üzündən sökülərək məhv edilmişdir.Axırıncı 4 sıra daşı 1992-ci ilə sökülüb Şirvan şəhərinə aparılmışdır.II karvansaray isə Atbulaq kəndi ərazisində Pirsaat çayı boyunda,karvan yolu üzərində yerləşib,Şah Abbas karvansarayı adlanırdı.Elə həmin karvansaray da sonralar yerlə-yeksan edilmişdi.
       Nəhayət,dövrümüzə qalıqları arxeoloji qazıntılar nəticəsində gəlib çatan Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisindəki  karvansaraydır.Bu karvansaray əsasən ziyarətə gələn zəvvarlar və dərvişlər,müridlər üçün inşa edilmişdir.Karvansarayın bünövrəsi öz əzəməti ilə baxanları heyran edir.
       Ola bilsin ki,rayon ərazisində başqa istiqamətlərdə də karvansaraylar olsun.Hələlik bizə məlum olan İpək yolunun Bakı istiqamətində olan karvansaraylardır.Hacıqabul-Atbulaq-Sanqaçal-Umbaki-Bakı karvansarayları.
 
Qədim qəbristanlıqlar  və kurqanlar.
 
       Ulu yurd yerlərimiz babalarımızın əbədiyyat evləri ilə çox zəngindir.
       Ən qədim–antik qəbristanlıqlar Udulu ərazisindədir.Burada torpaq, daş qutu-katokomba,küp qəbrlər,tunc dövrünə aid kurqanlar mövcuddur.Ərazidə Xəzər tayfa başçılarının,alan tayfa başçılarının qəbrlərinin olması bu yaşayış yerinin necə strateji əhəmiyyətə malik olduğunu göstərir.
       Qəbrstanlıqda ilkin müsəlman dövrlərinə aid nəhəng sal qayalardan salınmış “Şəhid daşları” (çox heyif ki,nadanlar tərəfindən dağıdılmışdır) mövcud olmuşdur.
       Orta əsrlərə aid zəngin qəbristanlıqların olması yaşayışın  gur olduğunu göstərir.
       Xüsusilə kurqanlardan qazıntı zamanı tapılan əşyalar çox mətləblərdən xəbər verir.Buradan II əsrə aid toxucu dəzgahı,şərab küpləri,süddanlar,küplər,müxtəlif dulusçuluq materialları və silah növləri  həm yüksək inkişaf etmiş sənətkarlıqdan,həm də maldarlıq,  üzümçülükdən və taxılçılıqdan xəbər verir.
       Tava kəndi ərazisində də orta əsrlərə aid qəbristanlıq mövcuddur.Cəngən kəndi ərazisində olan qədim qəbristanlıqdan bir möhtəşəm qəbir və sərdabə qalmışdır.Qalanlarını isə yerli əhali məhv etmişdir.
       Müxtəlif dövrləri əhatə edən yazılı,şəkilli abidələri olan Kolanı qəbristanlığı da ilkin orta əsrlərdən,son orta əsrlərə qədər qəbirlərlə zəngindir.Sinə daşları üstündə hər kəsənin məşğul olduğu sənət növünə aid şəkillər mövcuddur.
       Pir Hüseyn Xanəgahı ərazisində yerləşən XI-XIII əsrlərə aid çox əhəmiyyəti olan qəbristanlıq mövcuddur.Digər ərazilərdə Qubalı-Baloğlan, Rəncbər, Navahi, Abdulyan, Talış, Xilə Mirzəli, Hacıqabul el qəbristanlığı, Qızılburun, Atbulaq, Muğan qəbristanlıqlarının tədqiqata dərin ehtiyacı vardır.
Rəncbər kəndinin qədim yaşayış yerlərində kurqanlar mövcuddur.Kurqan nişanələrinə Atbulaq yaşayış yerində də rast gəlmək olar.
IV. Ovdanlar Böyük İpək yolu üzərində yerləşən əlverişli su mənbələridir.Qədimdə əhali kəhrizlərdən,çaylardan,kanallardan və ovdanlardan istifadə etmişdir.
       Hacıqabul ərazisindəki ovdanlardan şəhərin qaz kompressor stansiyası yaxınlığında, Hərami dağının şərq ətəyində yerləşən,ovdan çox maraqlıdır.Dağ ətəyində yerləşən, külbələri  olan,XVII əsrə aid olan ovdanın hündürlüyü 3 m,10sm-dir.Ümumiyyətlə mövcud olan bütün ovdanlar bu həcmdədir.Ovdanın giriş qapısı üstündə 5531 rəqəmi və sözü yazılmışdır.Rəqəm və söz “Jasin ibn Həsən” sözü cızma üsulu ilə daş üzərində həkk edilmişdir.Ehtimal ki,sözlər sonradan yazılmışdır.
       Digər iki ovdan el qəbristanlığında (Xilə qəbristanlığı) yerləşir.Biri Zülfüqar,digəri isə Kəblə Əhməd ovdanıdır.
       Muğan qəsəbəsinin arxa hissəsində yerləşən Cəyirli qəbristanlığındakı ovdan da çox maraqlıdır.Burada heyvanlar üçün daş yalaqlar da mövcuddur.
       Hərami dağının Cənub ətəklərində olan İskəndər ovdanının yerüstü hissəsi dağıdılmışdır.
       Udulu ərazisində qədim qəbristanlıqda olan ovdan  batıb getmişdir.
       Hacıqabul karvansarayının və Atbulaq karvansarayının ərazisində olan ovdanlar dağıdılıb məhv edilmişdir.
Ərazidə ehtimal edilən digər ovdanlar və su quyuları haqqında əhali arasında müəyyən xatirələr mövcuddur.
V. Ərazidə çox maraqlı hamamlar mövcud olmuşdur.Navahı kəndində olan Kəlbə Rza hamamı artıq dağıdılmışdır. 
Rəncbər kəndində olan 1902-ci ildə inşa edilmiş Hacı Həşim hamamı indi də mövcuddur.Abşeron hamamları formasında olan hamam gözəl memarlıq üslubuna malik,az miqdarda odunla qızan,carhovuzu olan gözəl istirahət yeridir.Həftənin müəyyən günündə kişilər,müəyyən günlərində isə qadınlara aid edilirdi.Əgər bəzi çatışmamazlıqlar aradan qaldırılarsa,xarici turistlər üçün çox maraqlı əyləncə yeri alınardı.
VI. Qalalar yurdumuzun keçmişindən xəbər verən möhtəşəm sənət əsərləridir.
Hacıqabul ərazisində olan siklopik tikililər,qalalar unikal memarlıq incisidir.2001-ci il 29 avqustda arxeoloq, mərhum Rafael Hüseynov  və mənim iştirakımla bu tikili aşkarlandı. 27 ədəd kobud yonulmuş sal daş 1 hektarlıq sahənin perimetri boyunca səpələnmişdir.
       Bütün daşlar boz-yaşıl rəngli əhəngli struktura malikdir.
       Yarımdairə şəklində tikilinin planında fraqmentlər halında mal-qara üçün pəyə, müdafiə əhəmiyyətli tikililər,ola bilər ki,möhkəmləndirilmiş qalanın və yaxud ibadətgahın qalıqları üzə çıxır.
       Bu dayanacağın əvvəllər məlum olmuş,Azərbaycan ərazisində tapılmış tikililərdən Oğlanqala,Gavurqala və sairdən fərqi,  orjinallığı ondan ibarətdir ki,tapılmış abidənin daşları bir-birilə xırda balıqqulağı qarışdırılmış gil məhlulu ilə bağlanıb. Məhlulun səthi o, vaxtdan qalıb bərkimiş his və ya bitumu xatırladan tünd qəhvəyi rəngli hansısa bir məhlulla örtülüb.
       Əraziyə baxış zamanı çaxmaq daşından düzəldilmiş kürəcik və obsidian fraqmentləri tapıldı.Diqqətli yoxlamadan sonra bir neçə daşın ekranında petroqliflər aşkar edildi.
       Tapılmış rəsmlərin özünəməxsusluğu,səmimiliyi,emiosonal obrazlılığı, təkrarolunmaz plastika səlisliyi və lokal xüsusiyyətləri bu dayanacağın insanlarının bədii təfəkkürünün inkişafının mühüm mərhələsi haqqında məlumat verir.
       Hacıqabul qayaüstü rəsmləri elm üçün bədii-idrakı əhəmiyyətə malikdir və haqlı olaraq  Azərbaycanın  ibtidai dövr təsviri sənət incilərinin arxeoloji kompleksində layiqli yerlərdən birini tutur.
       Hacıqabulda “Yurd” dayanacağının qayaüstü təsvirləri eneolit və bürünc dövrləri Azərbaycan təsviri sənətində daha bir kəşfdir.
Qalaməddin qalası hündür dağ zirvəsində yerləşir.İkiqat qala divarları ilə əhatə edilmişdir.Daşdan hörülmüş qala divarları dağ zirvəsini əhatələyir.Qala divarlarının bir hissəsi yaxşı qalmışdır.
       Birinci qala divarının eni 3 metrdir.Divar qalıqlarının hündürlüyü 120-145 sm –dir. Birinci qala divarlarına paralel şəkildə çəkilmiş 2-ci divarların əsas hissəsi torpaq altında olduğundan yerüstü əlamətləri tam izlənilmir.Qalanın plan və quruluşunu,yaranma tarixini aydınlaşdırmaq üçün burada arxeoloji qazıntı işləri aparmaq zəruridir.
       Hazırki neft yatağının adı məhz “Qalaməddin” qalasının adından götürülmüşdür.
“Güngörməz” qalası (Müdafiə istehkamları) hündür dağın zirvəsində salınmış qalanın qərb tərəfi keçilməz sıldırım qayalıqlarla əhatələnmişdir.Digər istiqamətlərdə enli qala divarları çəkilmişdir.Daşdan tikilmiş qala divarlarının eni 3 m-dir.
“Güngörməz” qalası daxilində əlavə qala divarları çəkilmiş və burada narınqala tikilmişdir.
       Qala divarlarının aşağı hissəsi nəhəng sal daşlarından tikilmişdir.Sal daşlar  2 cərgə düzülmüşdür.Birinci cərgədə qoşa sal daşlar,ikincidə isə 1 sıra daş düzülmüşdür.Tikinti siklopik qalaları xatırladır.
       Görünür “Güngörməz” qalası tikilməzdən əvvəl bu ərazidə siklopik qala mövcud olmuşdur.”Güngörməz” qalası tikilərkən siklopik tikinti qalığından da istifadə edilmişdir.
       Qalanın bürc hissəsində tikili qalıqları izlənilir.burada t.e.d. A.Nuriyev və t.e.n. Ş.Soltanov tərəfində qazıntı işləri aparılmışdır.
       Qalanın içərisində xeyli miqdarda sal daşlar var.Daşların üzərində 40-50 sm dərinliyində kvadrat,dairəvi və ellipsvari formalı çala qazılmışdır.Onların diametrləri 40-65 sm-dir.Yağış suyunu qayanın digər istiqamətlərindən çalaya axıtmaq üçün 3-4 sm dərinliyində xətlər qazılmışdır.
       “Güngörməz” qalasından xeyli miqdarda şirsiz  qab sınıqları aşkar edilmişdir. Arxeoloji qazıntılar qala haqqında zəngin məlumatlar verir.
       Ümumiyyətlə ərazi çox böyük-70 ha sahəni əhatə edir. Narınqala,şəhristan,rabatdan ibarətdir.Tunc dövründən başlayıb,XII-XV əsrlərə qədər həyat davam etmişdir.
Qeyd etmək lazımdır ki,Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq kompleksi Abşeron qalaları tipində inşa edilmişdir.Qala divarları 1244-cü ildə Şirvanşah Fərubruzun vaxtında vəzirin pulu ilə inşa edilmişdir.Axırıncı təmir işi  XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən aparılmışdır.
       Nadir Şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı.Həmin dövrdə Hacıqabul ərazisi Şamaxı xanlığının tərkibində olub.
       Rus işğalından sonra bu ərazi Şamaxı quberniyasının, zəlzələdən sonra Bakı quberniyasının Şamaxı qəzasının tərkibinə daxil edilmişdir.
       Bakı-Tiflis dəmir yolu çəkiləndən sonra (1881-83) Hacıqabul dəmir yol qovşağı mühüm əhəmiyyət kəsb etməyə başladı.Həmin dövrdə çox gözəl memarlıq abidəsi olan dəmir yol vağzalı,dəmir yol yaşayış binaları,dəmir yoluna aid inzibati binalar,dəmir yol məktəbi,Nobelin neft vurma məntəqəsi (1904) çörək kombinatı, su qüllələri,balıq vətəqəsi və s.inşa edildi.
       Hacıqabul müqəddəs Məkkə yolu üzərində yerləşən strateji məntəqə olmaqla yanaşı çox saylı Pirləri,ocaqları,ziyarətgahları ilə məşhurdur.
       Bunların ən məşhuru ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğudur.Pir Hüseyn (Şeyx əl-Hüseyn ibn Əli) orta əsrlərin  böyük  islam nəzəriyyəçisi,zəmanəsinin imami,təriqət sahibi,dövlət xadimi,sufilikdə əl-salik (III dərəcə) dərəcəsinə yüksəlmiş,sağlığında pirə dönmüş bir şəxs olmuşdur.İran tarixçisi ibn – Vəssaf yazırdı: “Pir Hüseyn dünyanın piridir”.X-XI əsrlərdə yaşamış (954-1072) bu böyük şəxsiyyətin məzarı ölümündən sonra müqəddəs ziyarətgaha çevrilmişdir.Kompleksə sərdabə,məscid,minarə,köməkçi otaqlar,qala divarları,Şeyx Cəmaləddinin türbəsi (1639-cu ildə vəfat edib), orta əsrlərə aid türbə, karvansaray,hücrələr və qəbristanlıq daxildir.
       Xanəgahı dünyada məşhur edən məscid və türbənin divarları və tavanını bəzəyən bənzərsiz kaşılar olub.Bu kaşılardan ancaq Məşhəddə İmam Rzanın türbəsində var.
       XIX əsrin əvvəllərində baxımsızlıq üzündən erməni dəllalları tərəfindən talanaraq dünyanın ən məşhur muzeylərinə satılmışdır.(Luvr,London muzeyi,Ermitaj,Moskva Şərq Xalqları İncəsənəti Muzeyi,Tbilisi Dövlət Muzeyi).Bakıda ancaq Nizami muzeyində Xanəgahın mehrabı və 5 ədəd kaşı bəzəyi nümayiş etdirilir.
       Yerli əhalinin mənəvi tərbiyəsində çox saylı Pirlərin əhəmiyyəti olduqca böyükdür.
       “Pir” sözü Azərbaycan dilində və bir çox başqa dillərdə “ixtiyar qoca”,”ağsaqqal”, tayfa başçısı”,dini cəmiyyətin əsasını qoyan mənalara malikdir.
       “Pirin”  sinonimi olan “Ocaq” Azərbaycan  dilində “Od qalanan yer”,”Yaşayış yeri”,”məskən”,”soy - kök” kimi başa düşülür.
       Azərbaycandakı bir sıra pirlər öz adlarında “ata  və baba” sözlərini də birləşdirir. ”Ata-baba”,”baba-yurdu” elə “ocaq”, “babadan qalma”  kimi mənalar verir.
       Tədqiq olunan ərazidə aşağıdakı pirlərə və ocaqlara baxış keçirilmişdir.Pir Hüseyn Xanəgahı (Qubalı-Baloğlan kəndi yaxınlığında) ,Hacıqabul qəbristanlığında Pir Allah və Şıx Şəkər Piri.Meynəman kəndi yaxınlığında Qara Seyid Piri,Seyid Səkinə Piri,Kolanı Piri,Talış kəndində Sarı Pir,Muğan və Qarasu qəsəbələri arasında karvan yolu üstündə Yel Piri,Qarasu və Udulu arasındakı yolda Ağdaş Piri,Udulu kəndində IX-X əsrə aid gözəl memarlıq abidəsi olan Uçuq Pir,Sınıq Pir,Navahı kəndində qədim yaşayış yerində Pir Vəlican,Navahi qəbristanlığında Maşı babanın ocağı,Ağacanlı kəndində Kürün sahilində Şeyx İsmayıl ocağı-piri mövcuddur.
       Atbulaq-Qızılburun kəndlərində təxminən 12-yə yaxın Pir mövcuddur.Qara Kosa Piri,Yulğunlu Pir,Azutlu Piri,Yel Piri,Dədə Qəddar piri,Sarı pir,Çoban piri,Maqsudalı piri,Hacı piri,dəvə piri və s.
       Qara Seyid Piri ən məşhur pirlərdən biridir.Seyid Zeynalabdinin  xələfi (Qara Seyid) Ağayev Mirsəmid Mirxuda oğlu bizə bildirdi ki,bu nəsil imam Museyi-Kazımın 16-cı nəslidir və şəcərə cədvəlini nümayiş etdirdi.
Hacıqabul pirləri qədim astral dinlərlə (səbaizm) atəşpərəstlik (zoroastrizm) xristanlıq və islamla bağlı bir sıra əlamətləri özlərində hələ də saxlayırlar.
Bu pirlər  əhalinin inanc yeri,ümid yeri olmuşdur.
       Hacıqabulun qədim əhalisi alban tayfaları olmuşdur. Müxtəlif dövrlərdə hun, alan tayfaları, qədim türk tayfası navaxlar, ərəblər, səlçuklar, başqa oğuz tayfaları, padar,kolanı,cəyirli,xilə,təkəlu,şahsevən tayfaları bu ərazidə yaşayanların formalaşmasında mühüm rol oynamışlar.  
       Hacıqabulun ən qiymətli abidələri onun insanlarıdır.XIX əsrin görkəmli satirik şairi Mirzə Baxış Nadim,Udulu kənd qəbristanlığında uyuyan Əzizə xanım Cəfərzadə,mərhum akademik Bilal Dadaşov,əməkdar elm xadimləri tibb elmləri doktoru, respublikanın baş epidemioloqu  İbadulla Ağayev,N.Tusi adına APU-nun prorektoru fizika-riyaziyyat elmləri doktoru,Məlikməmməd Cəbrayılov,Mülki Aviasiya İnstitutunun professoru Rauf Cəfərzadə,fizika-riyaziyyat elmləri doktoru BDU-nun professoru Tamella xanım Nəsirova,Dövlət Sosial – Müdafiə fondu Aparatının rəhbəri,şair Əjdər Ol,şairə Zivər Ağayeva,bəstəkar Elza İbrahimova,rəssam Mənzər Abdullayeva,xalq artisti Zaur Rzayev,tanınmış iş adamı Saleh Abdullayev,iş adamları Rəhim Rəhimov,Fazil Əhmədov, Bəxtiyar Hüseynov, İsfəndiyar İsrafilov, Mirtalib Əmişov, Hacı Rais Babayev, Dövlət Sərhəd xidməti komandanının müavini general-mayor Asif Cəbrayılov,Dövlət Dəmir yol idarəsinin rəis müavini Əlirza Süleymanov, Bakı Baş Turizm idarəsinin rəisi Aydın İsmiyev,sabiq artelleriya komandanı Rafiq İbrahimov,general Nəcəf Qəmbərov,Dövlət Gömrük Xidməti sədrinin müavini general Güloğlan Muradovu,uzun müddət Dövlət Təhlükəsizlik orqanında işləmiş,polkovnik Arif Zeynalovu,Azərbaycanın ilk qadın ədliyyə polkovniki Rəfiqə  xanım Zeynalovanı və başqalarını göstərmək olar.
Hacıqabul ziyalıları və iş adamları vətəndən uzaqlarda da səmərəli fəaliyyət göstərirlər.
Xüsusilə Rusiya Federasiyasında çox səmərəli fəaliyyət göstərən polkovnik Alşan Zakirovu,Beni-Lüks ölkələrində Azərbaycan konqresinin rəhbəri Sahil-Qasımovu,Avstraliyadakı Azərbaycan Cəmiyyətinin rəhbəri İmaməddin Qasımovu, Almaniyada Elxan Kərimovu və s. qeyd etmək olar.
Hacıqabul abidələrinin arxeoloji tədqiqata ehtiyacı çoxdur.İnanırıq ki,bir gün gələcək qədimdən–qədim Hacıqabul Azərbaycan tarixində öz layiqli yerini tutacaqdır.
 İstifadə edilən ədəbiyyat.
I.Məşhədixanım Nemət.Azərbaycanda Pirlər. Bakı – 1992.
II.Rafael Əhmədov.Hacıqabul min illik yollarla Bakı–2002.
III.Novruzlu Əziz.Azərbaycanın yeni tikinti sahələrində arxeoloji tədqiqatlar  II cild.  
 Bakı  2003.
System.String[]